2009 » May » 12 »
Leyla Kiani “Mən İsveçin Sosial Demokrat partiyasının üzvüyəm və növbəti bələdiyyə seçkilərində namizədliyimi irəli sürəcəm”
11:07
İsveçin Malmo şəhərində yaşayan həmyerlimiz "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Kianinin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi:
LINK
Leyla xanım, artıq necə ildir ki, İsveç krallığında yaşayırsınız. Sizcə bu gün Azərbaycan-İsveç münasibətləri hansı səviyyədədir? Ümümiyyətlə iki ölkə arasindakı əlaqələrin inkişafı sizi, İsveçə inteqrasiya etmiş adi bir azərbaycanlı kimi qane edirmi?
Doğrudur Elnur bəy. Mən artıq 20 ildir ki,isveçdə yaşayıram. Yaşadığım müddətdə də assimilyasiyaya uğramadan yalnız inteqrasiya etmiş bir azərbaycanlı kimi deməliyəm ki, son yaxın illərə kimi Azərbaycan-Isveç münasibətlərində sanki bir durğunluq dövrü təzahür etmişdi. Lakin diaspora təşkilatlarının son 5 ildə güclənməsi və bu işdə bilavasitə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin səyi və həmkarlığı sayəsində bir sıra dəyişikliklər artıq özünü göstərməyə başlayıb. Belə ki, İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycanın böyük elçiliyinin təsis edilməsi(Səfirlik və konsulluq), Diaspora işində bir sıra təşkilatların fəaliyyətinin güclənməsi və İsveç təşkilatları və qurumları ilə əlaqələri, Azərbaycanda Sosial Təminatı və Əmək məşğulluğu departamentinin İsveç Məşğulluq Departamenti ilə dövlət səviyyəsindəki əlaqələri və keçən ilin sentyabr ayında imzaladıqları bir sıra müqavilələr, İsveçin Eriksson şirkətinin Azərbaycandakı fəaliyyəti və s. bu kimi işlər Azərbaycan-İsveç münasibətlərinin inkişafının çicəklənmə dövründə olmasının bariz nümunəsidir.
Sizin cəmiyyət neçə ildir fəaliyyət göstərir və indiyə kimi hansı işləri görüb?
"Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti artıq 10 ildir ki, fəaliyyət göstərir. Dərnəyimizin üzvləri yalnız azərbaycanlılardan deyil, eləcə də milliyyətcə isveçli, serb, türk, kərkük, belarusiyalilardan ibarətdir.
Cəmiyyətimiz bu günə qədər bir cox işlərin altına imza atıb. Bizim təşkilatın illik planı var və bu plan hər ilin sonunda yeniləşərək təsdiqlənir və növbəti ildə həyata keçirilir. Planın tərkibində bir sıra mərasim və tədbirlərin keçirilməsi mütləqdir. Belə ki, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü, 20 yanvar- qanlı hadisələrin anım günü, 26 fevral_Xocalı faciəsi, Novruz bayramı, 28-may Azərbaycan Cümhuriyyətinin yaranma günü və s bu kimi unudulmaz tarixi günlər qeyd olunur və bu tədbirlərə yalnız azərbaycanlılar deyil, eləcə də digər xalqların nümayəndələri, əlaqədər dövlət təşkilatları cəlb olunur.
İsveçdə nə qədər azərbaycanlı yaşayır? Sizin təşkilatdan başqa digər diaspora təşkilatları da fəaliyyət göstərirlərmi?
İsveçdə dəqiq nə qədər azərbaycanlının yaşadığını deməkdə cətinlik çəkirəm. Buna səbəb isə azərbaycanlı deyərkən yalnız Müstəqil Azərbaycan dövlətindən inteqrasiya etmiş azərbaycanlıları nəzərdə tutursunuz yoxsa bu sayın tərkibinə qonşu dövlət olan İran cümhuriyyətində yaşayan soydaşlarimiz da nəzərdə tutursunuz. Hal hazırda İran azərbaycanlıları (cümlədə bu termini istifadə etdiyimə görə bütün, İrandan gəlmiş fədai azərbaycanlılardan üzr istəyirəm) coxluq təşkil edirlər. Lakin son 5 il ərzində İsveçdə 100 lərlə azərbaycanlı ailəsinin inteqrasiya etməsi də bir faktdır.
İsveçdə təbii ki, bizim dərnəkdən başqa bir cox azərbaycan dərnəkləri təşkil olunub və fəaliyyət edirlər.
Bu dərnəklər arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
Vahid koordinasiya mərkəzi yoxdur (cox təəssüf). Keçən ilə kimi bir cox şəhərlərdə fəaliyyət göstərən dərnəklərin Federasiyası fəaliyyət göstərirdi (Əgər buna fəaliyyət demək olarsa). Lakin qarşılıqlı anlaşmazlıq, fikir ayrılıgı, daxili konfliktlər üzündən bu təşkilatın fəaliyyəti dayandırıldı. Bu gün Isveçdə vahid təşkilat altında birləşən bir qurum yoxdur. Lakin ayri-ayri bölgələrdə, şəhərlərdə fəaliyyət edən bir cox dərnəklər bir biriləri ilə əlaqə saxlayır və bəzən müştərək tədbirlər də keçirirlər.
Keçən il Azərbaycan ilk dəfə olaraq Avropa Musiqi və Mahnı Festivalına /Eurovision-2008/ qatılmışdı. Bu müsabiqədə Isveçdən Azərbaycana heç bir səs verilməmişdi. Necə düşünürsünüz, Bu, diaspora qurumlarımızın zəif təbliğatının nəticəsi, yoxsa soydaşlarımızın bu yarışmaya biganəliyi üzündən olmuşdu?
Maraqlı sualdır. Təəssüflər olsun ki, diaspora təşkilatlarının inanılmaz yüksək səviyyədə təbliğatı və maraq göstərməsi,saysız hesabsız səs göndərmələrinə baxmayaraq İsveçin Azərbaycana 1-cə səs belə verməməsi elanı hamını sarsıtdı. Yalnız bizim təşkilat 500 səs göndərmişdi. Bilirəm ki, isveçdə fəaliyyət göstərən dərnəklər, eləcə də heç bir dərnəkdə üzv olmayan , lakin Isveçdə yaşayan bir cox soydaşımız o gecə külli miqdarda səs göndərək mügənnilərimizi dəstəkləməyə calışdılar. Sonradan Azərbaycan təşkilatlarının etirazı və bu məsələni ayırd etmək tələbi qoyulması nəticəsində məlum oldu ki, Azərbaycana göndərilən səslər "Səhv olaraq" bədnam qonşularımızın hesabına sayılıb. Səs vermə maşınını (cox maraqlıdır) İsveçlilər idarə edirdilər. İsveçlilərin Ermənilərə isti münasibət bəslidiyini nəzərə alsaq bu provakasiyanın baş verməsinə heç də təəccüb etmirəm. Lakin ümid edirəm ki, bu il bu kimi provakasiya baş tutmayacaq və Aysel Teymurzadə ilk 5-liy düşə biləcək.
İsveç krallıgı bu gün Daglıq Qarabağ məsələsində hansı mövqədən çixiş edir və ümumiyyətlə Isveç siyasətində münaqişə ilə bağlı fikirlərinizi bilmək maraqlı olar.
İsveç öz siyasi neytrallığı və diplomatik ehtiyatlılığı ilə məhşur olan Avropa ölkələrindən biridir. Münaqişə ilə bağlı Ermənistanı dəstəkləməsələr də etirazlarını da bildirmirlər və bunu iki ölkə arasındakı danışıq proseslərinin mümkünliyinə refera(istina) edirlər .
Mən düşünürəm ki, bu münaqişənin mahiyyətini isveçlilərə başa salmaq üçün diasporamız daha da aktiv olmalı və dövlət qurumları ilə əlaqəyə girməklə onları bu münaqişənin tarixi ilə taniş etməlidirlər. Hələ ki, bu işdə biz erməni təbligat maşınından geri qalırıq.
Cəmiyyətiniz qarşıda hansısa tədbirlər keçirməyi planlaşdırırmı?
Bilirsiniz ki, mayın 28 i yaxınlaşır. Hər il olduğu kimi bu il də "Xəzər" cəmiyyəti bu bayramı təntənəli keçirəcək. Bundan əlavə Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyəti ilə birgə şier gecəsi keçirməyi nəzərdə tutmuşuq. Bu yaxınlarda Danimarkada Azərbaycan-Türk Qadınlar təşkilatı yaranıb. Avqust ayında bu cəmiyyətlə birgə yay gəzintisi təşkil etmək və bu gəzintidə cəmiyyətin üzvlərini bir biri ilə taniş etmək, iş birliyi yaratmağı planlaşdırıq. Bundan əlavə, sentyabr ayında Türkiyənin İstambul şəhərində keçiriləcək Azərbaycan və Türk diaspora dərnəkləri fəallarının növbəti qurultayına qatılacayıq. Bir sözlə qarşıda görüləcək çox işlərimiz var.
Azərbaycan diasporası hansı addımları atmalıdır ki, yaşadıqları ölkələrin siyasi-ictimai mərkəzlərinə təsir imkanları olsun. Sizin cəmiyyətin həmin dairələrlə əlaqələri varmı?
İlk nöbədə fəal olmaq, cəmiyyətə, içtimaiyyətə inteqrasiya etmək və yaşadığın ölkənin gündəlik həyatında o cəmiyyətin bir parcası olmaq lazımdır.
Kimliyini unutmamaq və hansı ölkədən gəldiyini cəsarətlə təbliğ etmək, lokal yerlərdə, kiçik və ya böyük qurumlarda ölkəmizin tarixi, mədəniyyəti, siyasəti haqqında məlumat vermək cox mühumdür. Bəli, burda bir problem meydana çıxır. Məsələ burasındadır ki, (cox böyük ürək ağrısı ilə deməliyəm ki) bizim xaricdə yaşayan soydaşlarımızın böyük hissəsinin maariflənməyə, öz tarixini öyrənməyə ehtiyaci var. Cox zaman insanlar nəyə görə 1918 ci ildə 28-mayda élan olunan Azərbaycan Demokratik Respublikasının yaranması gününü qeyd etdiyimizi bilmirlər. Hansı rayonların işğal altında olduğundan xəbərləri olmayanlarımız var. XX əsrdə ermən terroristlərinin azərbaycanlıları 4 dəfə soyqırıma məruz etdiklərini bilənlərin sayını barmaqla göstərmək olar. Belə olan halda İsveçlilərin bizim ürək agrımız olan Qarabağımızdan, işğal olunan torpaqlarımızdan xəbərsiz olmaları heç də təəccüblü deyil. İlk öncə özümüzü savadlandırmalı, kimliyimizi bilməli, daha sonra bu cəmiyyətə inteqrasiya etməli və dövlət qurumları ilə əlaqə saxlamalıyıq.
O ki, qaldı bizim cəmiyyətin İsveç dairələri ilə əlaqəsinə, şəxsən mən İsveçdə ali təhsilimi başa vuran kimi Malmo şəhərində(İsveçin 3-cü böyük şəhəri) İcra hakimiyyətində işə düzəldim. İşlədiyim müddətdə həm işlədiyim İcra hakimiyyətində, həm də şəhər meriyasında, keçən ilin noyabr ayında isə şəhər mərkəzi kitabxanasında "Azərbaycan- Avropanın bir ölkəsi" adı altında müxtəlif prezentasiyalar (təqdimat) keçirmişəm. Bundan əlavə İsveçin Sosial demokrat partiyasının üzvüyəm və növbəti bələdiyyə seçkilərində namizədliyimi irəli sürəcəm. Dövlət strukturları ilə bilavasitə əlaqədə olmaq ölkəmi, vətənimi təbliğ etməkdə mənə çox asan yol, ciğir açir. Deməliyəm ki, ilk addımı mən atıram, daha sonra İsveçlilərin özlərinin də maraq dairəsinə çevrilir. Əgər hər birimiz bu cür ölkə struklarına yol tapa bilsək böyük nəticələr əldə edə bilərik. Necə deyərlər damla, damla göl olar.
Sonda Leyla xanım sizə öz təşəkkümüzü bildirik ki,suallarımızı cavablandırdığınız üçün və bu gün həqiqətəndə qürur duymaq olar ki,azərbaycan diasporasının önündə sizin kimi praqmatik və intellektual insanlarımız var.
Söhbətləşdi: Elnur Eltürk
Abonnieren
Kommentare zum Post (Atom)
Keine Kommentare:
Kommentar veröffentlichen