Dienstag, 11. August 2009

GƏNCLƏR BƏLƏDİYYƏLƏRİ ƏLƏ KEÇİRMƏK İSTƏYİR

11.08.2009 [08:05]

Bəzi partiyaların namizədlərinin 50 faizi gənclər olacaq

Dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək gənclərin sayı əvvəlki seçkilərdəkindən çox olacaq. Bunu siyasi partiyaların gənclər təşkilatlarının sədrlərinin açıqlamaları da göstərir. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı “Azadlıq” radiosuna deyib ki, builki seçkilərdə partiyanın namizədlərinin 10-15%-i gənclərdən ibarət olacaq: “Çalışacağıq ki, maksimum aktiv iştirak edək. İstər keçsin, istər keçməsin, fərqi yoxdur. Artıq partiyada da bəlli bir qeyri-rəsmi razılıq var ki, gənclərə hardasa 10-15 faiz kvota verilsin. Hələ ki, Azərbaycan reallığı belədir ki, gənclərin böyük heyətlə iştirak edəcəyi və uğur əldə edə biləcəyi yeganə seçkilər bələdiyyə seçkiləridir”.AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı da bələdiyyələrdə iştirakları ilə bağlı konkret qərarlar verdiklərini bildirib: “Partiya özü komitəyə təklif edib ki, müxtəlif bölgələrdən namizədliyimizi irəli sürək. Məsələn, mən Sumqayıt bələdiyyəsinə namizədliyimi vermək fikrindəyəm. Biz həm namizəd, həm də müşahidəçi kimi qatılacağıq seçkiyə”.
ADP Gənclər Təşkilatı sədri Cəmil Ərdəbilli partiyalarından seçkiyə qatılanların 50%-nin gənclər olacağını bildirdi: “Bu il bizim nümayəndələrimizin çoxu gənclərdən ibarət olacaq. Çalışacağıq ki, 50%-dən çoxu gənclər olsun. Gənclərin bələdiyyədə iştirakı vacibdir, onlar problemləri yeni üsullarla həll etmək qabiliyyətinə malikdirlər. Çünki indi bələdiyyələrdə təmsil olunanlar keçmişdə kənd sovetinin rəhbəri olub və s. Burda heç bir yenilik yoxdur. Ona görə də gənclər gəlməlidirlər, onlar öz təhsillərini ortaya qoymalıdırlar”.
YAP da gənc üzvlərinin bələdiyyə seçkisində iştirakında maraqlıdır. Bu haqda Partiyanın Gənclər Təşkilatının sədri Ramin Həsənov bir müddət əvvəl lOlaylar» qəzetinə müsahibəsində deyib: “Partiyanın İdarə Heyətinin iclasında bildirilib ki, aktiv gənclərdən bələdiyyə seçkilərində istifadə edək. Hər bir rayon təşkilatından 1 və ya 2 gəncin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etməsini arzulayardıq”.
ETİBAR

48 dəfə baxılıb

Keine Kommentare:

Kommentar veröffentlichen